Aqil Abdullayev ilə müsahibə
Çinarə Məcidova
1st October 2020
Çinarə Məcidova
Siz hazırda özünü kurator kimi sınayan interdissiplinar (beynəlfünun) bir sənətçisiniz. Azərbaycanda çağdaş incəsənətlə bağlı müzakirələrin əsnasında isə bu yaxınlarda da ÇAĞDAŞÇILAR onlayn platformasını açdınız. Platformanın əsas məqsədi və onunla bağlı gələcək planlar nədir?
Aqil Abdullayev
ÇAĞDAŞÇILAR – incəsənət tənqidi platformasıdır, bundan ötrü ki, öz məhəlli müəssirlərimizi (çağdaş sənətçiləri, həm də pərakəndə şəkildə orada-burada təsadüfi yerlərdə yığışan sənət icmasını) bir araya gətirək, incəsənət sahəsi haqda, o niyə bu gündədir, - bunlar barədə tənqidi müzakirələr edək. Əslində, bu, barəsində demək olar iki ildən bəridir – hələ 2018-ci ilin axırlarında Azərbaycana, dogma yurduma qayıdandan elə hey düşündüyüm, yazıb-pozduğum, planlaşdırdığım bir şey idi. Məncə, uzun müddət xaricdə oxuyub sonra Vətənə dönən hər kəsdə olduğu kimi, mənim də diqqətim daha çox yoğunluqla yönəldi köhnə xatirələri, dostları, həmkarları yığım və dərindən bir baxım görüm ki, bu dörd illik yoxluğumda nə gaçırdim. Dəyişməz qalmış, diqqətdən kənar saxlanmış, və lakin günü-bugün də yerli sənət-yaradıcılıq sənayemizdəki sənətçilərə ziyankarlıq etməyə davam edən ən başlıca məsələlərdən biri var: sənət yaradıcılığı və onun idarə edilməsi işinə konstruktiv, kross-dissiplinar, yəni sahələr arası-əlaqəli yanaşmamız yoxdur.

Bu sahə onsuz da cümlə-cahanda qlobal olaraq bisəbat, qeyri-stabil bir sahədir. Amma biz də indi, öz növbəmizdə, oturub eləcə ancaq giley-güzar eləsək, deyinsək, əlimizdə bir araşdırma işi, nüktədan və samballı mənbələr olmadan məsələni götürüb yanlış yönlərə yayındırsaq, Azərbaycandakı bu olan-qalan bir ovuc balaca incəsənət sahəmiz öz-özlüyündə lap keçməkeşli, ələgəlməz bir vəziyyətə düşə bilər. Bu da məncə axırı bir yana aparıb çıxarmayası intəhasız bir qaranlıq tunel kimi görünürdü. Bax, elə onda da mən düşündüm ki, sahədə ÇAĞDAŞÇILAR kimi bir platformaya ehtiyac var. Burda bizim çağdaş, yəni müasir incəsənət dalğasından sonra ortaya gələn təsviri incə sənətimizi müzakirə edək və sənədləşdirək.

Hazırda komandada dörd nəfərik. Qarşımıza belə bir məqsəd qoymuşuq ki, sənət tənqidi işinə yaradıcı və yeni baxış ortaya qoyaq. Bu minvalla ki, yerli incəsənət peşəkarlarını və sənətsevər icmasını hazırda sərgilənməkdə olan çağdaş incəsənət sərgilərinin, müasir sənət təhsilinin və art-menecmentin müzakirə-təhlilinə dəvət edək; eləcə də çağdaş nəsilin sənət söhbətləri ilə sənətçilərdə rəqəmsal dövrün sənət tənqidinə qoşulmağa bir sövq və şövqi-həvəs yaradaq. ÇAĞDAŞÇI müzakirələri bugün incəsənətin necə təqdim və təmsil olunmasına aid müzakirələrə, sənət yaradıcıları ilə onun tamaşaçılarını bir-birilə əlaqələndirərək ilham və debat yaratmağa yönəlib. Biz həmçinin Azərbaycanlı Çağdaş Sənətçilərin bazasını yığıb yaratmaqla məşğuluq; 300-dən çox sənətçini (kuratorlar, rəssamlar, heykəltəraşlar, rejissorlar, illustratorlar, fotoqraflar, tənqidçilər, pedaqoqlar və s.) özündə ehtiva edən və lakin onlarla məhdudlaşmayan bir məlumat bazası üzərində işləyirik. Deyərdim ki, bu ÇAĞDAŞÇILARIN gələcək üçün ən başlıca hədəflərindən biridir: Azərbaycanın incəsənət və mədəniyyət irsi haqda məlumatlılığı artıraraq, Azərbaycan təsviri sənət ustalarının dünyaya çıxışı və tanınması işini genişlədə bilək.
Çinarə Məcidova
Son layihəniz,“Post-modern cəmiyyətin iki çırtması” haqda, lütfən, ətraflı məlumat verə bilərsinizmi? Layihə nə barədədir? Müsahibə və film xarakterlərinin seçimini necə etmisiniz? Azərbaycanda gender rolları mövzusunu seçməyinizə səbəb nə olub (və siz niyə bu mövzunu vacib hesab edirsiniz)?
Aqil Abdullayev
Son beş ildə qadın hüquqları maarifçiləri gender bərabərliyi uğrunda aktivizmi böyük zəhmət hesabına yenidən formalaşdırıblar. Bu, böyük dəyişikliklər üçün xırda-xırda addımlarla əldə edilmiş yeni bir forma - biri-biriləriylə birgə əməkdaşlıq və qarşılıqlı təsiretmə şəklini əxz edib. Bu təkmilləşmənin nə qədərə paytaxtdan kənara təsir etməsi mənim üçün çox maraqlı idi, yəni paytaxtda təmərküzləşib yığışmış akitivistlərimizin bu möhtəşəm işi və səsləri bölgələrə də gedib çatıb eşidilirmi; və işıq xətti belə olmayan kəndlərdə bu səsin hansı əsər-əlaməti, nə kimi əks-sadası yetib-yetişib? Hərçənd ki, layihənin nəticəsi onu başlayanda nəzərdə tutduğumuz ideyadan xeyli də fərqli alındı, vəlakin “post-modern cəmiyyətin iki çırtması” mənim ilk sənədli filmim oldu ki, onun icraçı çərçivəsində biz şimalda Qaxa getdik, sonra da, Azərbaycanın ən hündür zirvəsində yerləşən Seliburda kənddə, və demək olar ən mühafizəkar bölgələrimiz olan cənubda Lerik və Lənkəranda oldum. Bu səfərlərin çoxu əsasən belə keçirdi ki, balaca qonum-qonşuluqlarda bir neçə gün qalıb, onların yaşayışını öyrənirdim. Bəzən olurdu ki, süfrə arxasında“çətin söhbətlər”ə girişəsi olurduq, məsələn, elə yemək süfrəsi mövzusu: niyə süfrədə qadınlar oturmur. Çalışırdım ki, bacardığım qədər, bu qısa müddət ərzində nə qədər mümkündürsə, mən özümü onların mədəniyyətinə daxil edim, çulğalaşım içinə girim, nəinki onları öz narrativlərimə, öz nəqli-hekayətimə salmağa deyil. Onları belə bir şeyə məcbur etmədən, sadəcə mənimlə, kamerayla münasibətdə doğrudan da rahat olmalarına çalışırdım.

Film Femiskop feminist kanalının həmtəsisçilərindən biri olan Aysel Axundzadə ilə olan müsahibə ilə kontrastlaşır, və filmdə təzadın çaları yaranır. Çünki Aysel Azərbaycan kimi patriarxal ölkədə qadınların düçar olduğu problemlərə hər cəhətdən çox yaxşı bələddir. Film, ən başlıca problematikası kimi post-müasir cəmiyyətdə genderin həyata keçirilməsi məsələsini sual edən film, Azərbaycansayağı və “Qərbsayağı” (“Western”) feminizm, şəhər və kənd, ictimai-açıq və fərdi-məhrəm arasındakı kontrastlarla fokusu Azərbaycanda qadın hüquqları ilə bağlı böyüyündən-kiçiyinə, günlük həyatımızdakılardan böyük miqyasda olanlarınacan çoxsaylı problemlər üzərinə tuşlayır: küçə sataşmaları, seksizm, gender ayrı-seçkiliyi, iqtisadi bərabərsizlik, bərabər imkanlara qeyri-bərabər çatımlıq, qız uşaqlarının təhsilsizliyi, erkən evləndirmələr və s. Qadınlar cəmiyyətimizin bütün qismlərində var, amma bəzi məsələlər var ki, onların mənafeyinə başqalarına nisbətən daha çox toxunur və təsir göstərir. Bu qəbildən də, qadınların siyasətdə səslərinin və ya reproduktiv hüquqlar barədə qərarverici müzakirlərdə iştirakı, məvacib fərqləri məsələsi kimi digər daha da böyük problemlərə toxunmaq mənim üçün çox vacib idi. Diqqət mərkəzinə belə bir şeyi gətirmək lazımdır ki, onunla təhkiyə edib göstərək ki, bu civarda qadının kimliyi hökmünü sürməkdə olan radikal mədəni və tarixi mürəkkəbliklərin diqtəsiylə təyin olunub qəliblənir, mizoginist rəftarlar necə də təkcə qadınlara yox, hamımız üçün böyük travmadır.
Çinarə Məcidova
“Post-Modern Cəmiyyətin İki Çırtması”nda biz tez-tez sizin dəsti-xəttiniz olan yaşıl pərdələr və simvolik animasiyalar görürük. Artisti üsul kimi bu texnikaları tətbiq etməyin arxasında hansı ideya durur? Bu sizin üçün nə deməkdir, nə kimi bir məna ifadə edir?
Aqil Abdullayev
Burası çox sadədir. ADHD/DÇHP - Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu) olan bir insan kimi referensiv (göndərici-ehyamvurucu) vizualizasiyalar eləməyə çox meylliyəm, və bu baxımdan, özümü də, auditoriyanı da videomateriala sonuna qədər pürdiqqət baxmağa fikrimi cəm edir, diqətimi səfərbər etdirir, və baxıb da düşünməyə sanki vadar edir. Üstəlik də hekayətlər müxtəlif məzmunlar ilə və baxımından vizuallaşdırılanda,məncə bu filmi daha rahat baxmaga təhsir edir.

Amma həmçinin, xromokey həmişə mənim işlərimdə azadanə təxəyyül və yumşaqlıq rolunu oynayıb, bir növ bu minvalla auditoriyaya imkan verir ki, videodakı adamın ötəsində nəyi istəyirlər onu görə bilsinlər; və ya danışılan hekayətin mövzusuna aid fikirlərimizi genişləndirir.
Çinarə Məcidova
Siz interdisiplinar bir sənətçisiniz. Fəaliyyətinizdə sizin üçün başlanğıc-təkan nöqtəsi nə olub?
Aqil Abdullayev
Post-travatik rəsmçəkmə, məncə. Yaradıcılıqla məşğul olmağa başladığım dönəmdə heç də həyatımın yaxşı vaxtlarını yaşamırdım və belə bir cliché rəssamlıq oldu. Kompüter mühəndisliyini oxuduğum universitetin yaxınında rəssamlıq ləvazimatları mağazasında ən asan istifadə edə biləcəyim vasitələr aldım və başladım rəsm çəkməyə. Bugün xoşbəxtəm və son altı ildə heç bir rəsm çəkməmişəm. Özümü hər hansı bir peşə vəya vəzifəyə kökləyib, çərçivələməyi xoşlamıram. Yaxşısı budur bunu başqalarına buraxaq. Amma, bugünkü günümüzün yekdigərinə çox rabitələnmiş (interkonnekt) dünyasında, interdissiplinar sənətçi kateqoriyası yəqin mənim gördüyüm işlərə daha uyğun gəlir. Mən yaratdığım işlərin təcəlli forması əsasən videoqrafiya, performans, fotoqrafiya, seriqrafiya olur, esselər yazıram, araşdırmaçıyam, kuratoram, vizual-düşüncəçiyəm və daha çox yeni işləmə formaları yaradım - açıqfikirlilik, özünüidarə, problem həlletmə qabiliyyətidir, rezilyans (sinəgərmə) qabiliyyətidir, - bunları inkişaf elətdirməyə köklənirəm.
Çinarə Məcidova
Hazırda siz Azərbaycanda yeganə sənətçisiniz ki, queer mədəniyyəti üzrə lahiyələr eləyirsiniz? Sizin bu yaxınlarda “Xəzər motivlərinin səs-küylü sirenaları” layihəniz Salaam Cinema Baku`da təqdim olunub. Bu layiə haqda daha ətraflı məlumat verərdiniz. Sərginin sizin üçün nailiyyətləri nələr oldu? Azəri publikası öz ölkəsində queer [kvir] icmasını müzakirə və qəbul etməyə nə qədər açıqdır?
Aqil Abdullayev
Onun adı Rəşidədir. Xanım Adilə Rəşidə Paxlava. O mənim yeniyetməliyimdə yaranan bir alter-egodur. Birinci seksual təcrübəm olanda məndə təcəlla edib və hətta mən kvir vücudat və kimliyi tam qəbul edəndən sonra da o vaxtdan belə məndə məskun olub, qalıbdır. Lakin, mən onun barəsində əziz dostum Kristosa hərdən drəq quvinlik edən) deyəndə, o təklif elədi ki, Rəşidəni fiziki olaraq yaradaq, onunla foto-performans edək. Bu mənim üçün qeyri-adi idi, indiyə kimi alter-ego personalarımın heç birini fiziki olaraq görməmişdim. Bütünlüklə bu iş, bax, belə ərsəyə gəldi, sonra da Bakıya qayındanda Salaam Cinema’nın açılış sərgisi üçün, güclü montaj edilmiş versiyasında Rəşidəni “Xəzər motivlərinin səs-küylü serenaları” işində nümayiş etdirdim. Təklikdə, şəkillər əsasən bizim kvir vücud və kimliklərimizin formalaşmasına mədəni, tarixi və sosial təsirlərini əks etdirirdir.

Öz kimliyimi və onun mədəni, sosial və tarixi mürəkkəbliklərini aşkarlamağa çalışanda, mənim kontekstim ağır və acı alınır. Üstəlik də, praktikam kvirliklə kontrastda girir, çünki mən öz işlərimin bir hissəsiyəm, o da, istər-istəməz bir yerdə gəlir. Mənim təsviri həllərim, gəl ki, həlim-xəfifdir, sən-deyən elə “çox kvir” deyil ki, Azərbaycanda tamaşaçılar üçün “qalmaqallı” olsun. “Xəzər motivlərinin səs-küylü serenaları” müzakirəsinə gələndə, ictimaiyyətdə sualların çoxu Rəşidənin cinsi ilə bağlı olurdu. İşlərin birində Rəşidənin zal otaqında dayanıb, ətrafındakı çərçivələnmiş şəkillər onun seksual istəklərini ifadə etdiyinə görə, tamaşaçılarda “Rəşidə oğlandır, ya qızdır?” kim i suallar yaranırdı. Bu məqamda mən düşünürəm ki, Azərbaycanda sənətin həm də maarifləndirici bir funskiyası var və nə qədər ki, biz sənətçilərin belə bir imtiyazı var, incəsənət izləyicilərinə gender və seksuallıq barədə biliklərlə zərrə-zərrə məlumatlandıra bilirik, onda bu işi necə eləməklə bağlı biz də olduqca diqqətli olmalıyıq ki, burada LGBTQ+ fərdlər barədə yeni başqa steretiplər yaratmayaq, klişelərə səbəb verməyək, çünki, olduqca həssas olan və əksəriyyətdə cəmiyyət tərəfindən qəbuledilmək hissi olan icmanı daha da incitmiş, xətər yetirmiş olardı.
Çinarə Məcidova
2019-cu ilin mayında siz “Bığlı qadınlar və saqqalsız kişilər” qrup-şounun kuratoru olmusunuz. Bu kurator-sənətçi təcrübəniz barədə bizimlə, lütfən, paylaşardınız. Bu işin kurasiyası vaxtı hansı çətinliklərlə üzləşdiniz? Sizin bir sənətçi kimi təcrübəniz bu layihənin kurasiya işində sizə nə kimi köməyi oldu? Davamını gətirmək istəyirsinizmi?
Aqil Abdullayev
Bu mənim Azərbaycanda ilk kuratorluq etdiyim sərgi idi. Eyni vaxtda da, Salaam Cinema`nın kvir və feminist film festivalı “IN-VISIBLE” açıldı. Ona görə də, mənim üçün çox vacib idi ki, işləri əks-səda doğurmuş və kvir mövzuda iş praktikaları olmuş sənətçiləri bir araya gətirim. Sərgi Şərqin queer [kvir] tarixi, Azərbaycanda mədəniyyətdə və siyasətdə gender və seksuallığın yeni formasiyası, eləcə də bu dəyişikliklər ailə, sevgi, millətçilik, evlilik və vətəndaşlıq anlayışlarının konseptinə necə təsir göstərmişdir, bu mövzuda müzakirənin açılmasına səbəb oldu. Həmin vaxt mən həmçinin Salaam Cinema’nın icraçı üzvü idim, və Rene Matiç, İlkin Hüseynov, Taus Maxaçeva kimi sənətçilər, eləcə də AZAD LGBTQ və EQUALS kimi aktivist kollektivlərlə işləmək necə axarı rahat və zövq idisə, sərginin quraşdırma və idarəetmə işləri vaxtı məkan təsisçiləri ilə çək-çevirlər bir o qədər toksik idi. Özümü həmişə çox narahat hiss edirdim, əndişəli idim, sərginin ən xırda hər bir detalına görə, daima böyük məsuliyyət hiss edirdim. Axı, Salaam Cinema o zaman özünü institusionallaşırmağa çalışırdı, halbuki mənə görə bu çox sərsəm bir hərəkətdir, yəni bu məkan artıq alternativ və müstəqil bir sənət məkanı kimi sevilib. Bu təcrübə ümumilikdə məni biraz məyus etdi və bu sahədə çalışan barmaqsayıda yerli kuratorlara yazığım gəldi, həmçinin onların azlığının səbəbini anlamağa kömək etdi.
Çinarə Məcidova
Hazıra nələr üzərində çalışırsınız?
Aqil Abdullayev
Gündəlik işlərim əsasən ÇAĞDAŞÇILARI idarə etmə işinə həsr olunur, çünki, hal-hazırda komanda çox təzədir və özünü idarə etmək üçün o hələ tərcürbəsizdir.

Fərdi praktikamda isə, iki ildən artıqdır ki, çağdaş sənət səhnəsi haqda araşdırma ilə məşğulam və hazırda essemi bitirməyə çalışıram. O, bir növ, VR bələdçi rolunu göstərərək, tamaşaçını hündür bir binadan keçirərək sənət icması ilə tanış edir. Bu mənim dörd hissəli araşdırmamın üçüncüsüdür: Azərbaycan sənət səhnəsinin son onilliyinin təhlili. Bu araşdırma, belə bir fəaliyyət səhnəsi barədədir ki, bir vaxtlar burda eksklusivlik üstün tutulardı, indi isə aparıcı xətt inklusivliyin radikal pozitivizmi ətrafında cəmlənib. Hərçənd, sənət adamları və təşkilatlarının gündəlik fəaliyyətlərində və idarəçiliklərində bunu görmürük. Beləliklə, indi mən də hazırda 14 mərtəbəli VR incəsənət tarixi qalereyanıtikmək üçün maliyyə axtarışındayam.
Aqil Abdullayev çağdaş sənətçisi və rejisoru olaraq, sənətini video, installasiya və performans birləşməsində konseptual inşalar və ictimai şərhlərin qarşılığı ilə ortaya qoyur. Aqil, bir çox işlərində onun alter-egoları və post-modern hekayələrinin əsnasında Azərbaycanlı kimliyinin təsvirini və onun tarixi, mədəniyyəti, kvir düşüncəli və radikal Azərbaycan mədəni ənənələri arasında münasibətini araşdırır. Aqilin tədqiqat əsaslı fənlərarası işləri sosial cəhətdən yerinə yetirilən və ya tətbiq olunan gender obrazları və ictimai siniflərlə əlaqəli fərziyyələr barədə nəzəri modelləri özündə cəmləşdirir.
2018-ci ildə, Aqil Nottingem Trent universitetində tətbiqi incəsənət ixtisasını birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib. O, Bloomberg New Contemporaries (2018), One Throseby Street-də Bursary Studio (2018), İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin “İncəsənət və Mədəniyyət” qrantı (2019) kimi bir sıra mükafat və qrantların sahibi olub. Onun əsərləri Triumf Qalereyası, Tbilisi Foto Festivalı (2019), London Fotoqraflar Qalereyası (2019), Liverpool Bienalı (2018), “The Wrong” Yeni Rəqəmsal Sənət Bienalı (2017), Tate Modern (2016), 4-cü Moskva Gənc İncəsənət Beynəlxalq Bienalı (2012) kimi bir sıra qrup və fərdi sərgilərdə nümayiş olunub.
Çinarə Məcidova (d.1989, Azərbaycan) 2010-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Hal-hazırda Avropa Mərkəzi Universitetində Madəni İrsin İdarəçiliyi fakultəsində magistr təhsilini alır. 2017-ci ildə, Yust adasında Cənubi Qafqazdan olan rəssamlarla birgə əməkdaşlığın nəticəsi olaraq onun “Mən realam” əsəri “Take me somewhere nice” səyyar sərgisi çərçivəsində iştirakçı olmuş müxtəlif ölkələrdə nümayiş olunmuşdur. 2018-ci ilin martında onun foto və video əsərləri “Üfün, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada...” sərgisi çərçivəsində qrup sərgisi olaraq YAY qalereyasında nümayiş olunmuşdu. 2016-cı ildən, “Ajam” media kollektivi ilə əməkdaşlığa başlayaraq orada fotojurnalist və yazıçı kimi fəaliyyət göstərib. Bu əməkdaşlıq Bakının tarixi məhəlləsi “Sovetski” haqqında olan “Məhəllə” layihəsi ilə davam etdi. Eyni zamanda, 2017-ci ildən, o Cənubi Qafqazın multimedialı platforması Chai-Khana üçün frilans fotoqraf və jurnalist kimi çalışırdı.
Editor&Translator: Ruslan Aliyev